Ən çox tələb olunan peşələr

  • #Rubrika
asan kadr news

Hər bir şəxs ali məktəbdən məzun olduqdan sonra ixtisasına uyğun iş axtarışında olur. Məhz özümüzə uyğun olan peşəni rahat tapmaq üçün ixtisaslaşdığımız sahəni düzgün seçməliyik. Ölkəmizin əmək bazarında ən çox tələbin olduğu bu peşələr üzrə müəyyən bilik və bacarıqlar tələb olunur ki, bunlar da aşağıdakılardır:


Satış mütəxəssisi: bu peşəyə təkcə ölkəmizdə deyil bütün dünyada hər zaman yüksək tələb var. Bu sahədə çalışmaq üçün sırf hansısa ixtisaslaşmaya ehtiyac yoxdur. Bu sahədə çalışmaq arzusunda olan insanlar satdığı məhsul haqda məlumatlı, strateji araşdırma qabiliyyətinə sahib, ünsiyyətcil, dinləmə qabiliyyətli və vaxtı düzgün idarəetməyi bacaran biri olmalıdır. Məhz bu xüsusiyyətlərə sahib biri yeni məhsul axtarışında, müştərilərlə ünsiyyətdə uğurlu ola biləcək. Bu sahədə uğurlu olmaq üçün əlavə olaraq rus və ingilis dillərini bilmək vacibdir.

Maliyyə analitiki: Bu peşə sahibləri bir növ çalışdıqları müəssisədə pul axınını, investisiyaların hara yönələcəyini idarə edən şəxslərdir. Bu sahədə çalışan mütəxəssislərin əsas vəzifəsi fərdi və cəmi portfel investisiyalar barədə tövsiyyə verən, iqtisadi və biznes istiqamətli həm cari, həm də keçmiş məlumatlarla işləmək, şirkətin maliyyə hesabatlarını hazırlamaq və başqa vəzifələrdən ibarətdir. Maliyyə analitiki vəzifəsində çalışmaq üçün ilk növbədə müvafiq sahə üzrə bakalavr dərəcəsi tələb olunur. Bu sahədə çalışmaq istəyən şəxslərin aldığı təhsil mütləq maliyyə, mühasibatlıq, iqtisadiyyat, statistika və riyaziyyatla bağlı olmalıdır. Eyni zamanda birja əməliyyatları və risklərin idarə edilməsi sahəsində biliklər də vacibdir. Dil biliyi olaraq bu sahədə çalışanlar üçün ingilis və rus dilləri vacibdir. Gələcəkdə sahənin mütəxəssisi olmaq üçün CFA (Chartered Financial Analyst) sertifikatı önəmlidir. 

Mühasib: İstənilən qurum və müəssisənin mühasibə ehtiyacı vardır. Savadlı, işini bilən mühasibə isə hər yerdə ehtiyac vardır. Mühasiblərin məşğul olduğu ən əsas işlər hesab və vergi bəyannamələri hazırlamaq, əmək haqqı sənədlərini idarə etmək, gəlir və xərclərə nəzarət, eyni zamanda maliyyə məlumatlarını yoxlamaq, hesabatların və büdcələrin, biznes plan və maliyyə hesabatlarını hazırlamaq və başqa vəzifələrdən ibarətdir. Bu sahədə çalışmaq istəyən şəxslər müvafiq sahə üzrə ali təhsil almalı və yaxud da müvafiq kurslarda iştirak edib ixtisaslaşa bilərlər. Mühasibatlıqla bağlı sahədə fəaliyyət göstərmək üçün vacib olan əsas beynəlxalq sertifikatlar ACCA sertifikatlarıdır. Bu sertifikatları almaq üçün də ingilis dili vacibdir. Mühasiblər MS Office proqramları (xüsusilə də MS Excel) ilə yanaşı 1C proqramını yaxşı səviyyədə bilməlidir. 1C proqramı ilə rahat işləyə bilmək üçün isə rus dilini bilmək lazımdır;

Layihə meneceri: Bu vəzifədə çalışmaq istəyən şəxslər layihələrlə bağlı koordinasiya, büdcə hesablaması, layihənin icrasına nəzarət, vəzifələrin təyin edilməsi, komandanın idarə edilməsi və ümumi olaraq layihə planlaması ilə bağlı bilik və bacarıqlara sahib olmalıdır. Eyni zamanda yüksək kommunikasiya və təqdimat bacarığı da vacibdir. Bu sahə üçün də ingilis və rus dillərini bilmək mütləqdir. PMP (Project Management Professional) beynəlxalq sertifikatı üstünlük hesab olunur;

Marketoloq: Hal-hazırkı dövrdə həm dünyada, həm də Azərbaycanda ən vacib peşələrdən biridir. Savadlı, işini bilən marketoloqlar kifayət qədər yüksək əmək haqqı alırlar. SMM, rəqəmsal marketinq (digital marketing) isə dövrün ən aktual peşələrindəndir. Marketoloqlar analitik zəkaya sahib olmalı, kreativ olmalı, bazar tələblərini öncədən proqnozlaşdıra bilən və bu məhsulları, istehsalı bu tələbə uyğunlaşdıra bilən şəxslərdir. Beynəlxalq bazarlarda fəaliyyət göstərə bilmək üçün bu sahədə də ingilis və rus dili vacibdir. İxtisasından asılı olmayaraq hər bir şəxs müvafiq kurslara gedib sertifikat alaraq rəqəmsal marketinq mütəxəssisi kimi fəaliyyət göstərə bilər. Əlbəttə əgər yuxarıda göstərilən xüsusiyyətlərə sahibdirsə;

Qrafik dizayner: Qrafik dizaynerləri bir növ “azad iş qrafikinə” sahib şəxslər də adlandırmaq olar. Bu şəxslər əmək bazarında kifayət qədər yüksək əmək haqqı alırlar. İstənilən peşə sahibi qrafik dizayner kurslarından keçərək sahənin mütəxəssislərindən ola bilərlər. Bunun üçün isə ilk növbədə şəxslərdə kreativlik, yaradıcılıq və yüksək səviyyədə kompüter biliklərinə sahib olmalıdır. Adobe proqramları, xüsusilə də Photoshop proqramını bilmək mütləqdir;

İT mütəxəssis: İT sahəsi istənilən halda ən ehtiyac duyulan və ən gəlirli sahələrdən biridir. Bu sahənin mütəxəssisləri kompüter elmləri və ya informatika üzrə bakalavr təhsilinə sahib olurlar. İT sahəsində çalışmaq üçün müəyyən baza biliklər tələb olunur ki, bunlar da Windows, UNIX, Mac OS X və digər proqram təminatlarını bilməlidir. Proqramistlər eyni zamanda riyazi biliklərə, analitik zəkaya sahib olmalıdırlar. Bu sahə üçün də ingilis dilini bilmək vacibdir. Rus dili isə üstünlük hesab olunur;

Data analitiklər: Data analitiklər statistik informasiyanı toplayır, qruplaşdırır və müəssisisə üçün lazımlı formada emal edirlər. Bunun üçün bu sahədə çalışan mütəxəssislərin yaxşı kompüter bilikləri olmalıdır. Bu sahədə çalışmaq üçün statistika, riyaziyyat və yaxud da riyaziyyatla əlaqəsi olan bakalavr ixtisası tələb olunur. Data analitikləri riyazi biliklərlə yanaşı analitik zəkaya, problem həll edə bilmə qabiliyyətinə, analiz və modelləşdirmə, məsələyə metodiki və məntiqli yanaşmaq qabiliyyətinə, eyni zamanda SQL, Oracle və ya Python proqramlaşdırma dillərindən ən azı birini bilməlidir. Bu sahə üçün də ən çox tələb olunan yaxşı səviyyədə ingilis dili biliyidir. Rus dili bu sahədə də üstünlük hesab olunur.

Əlbəttə ki, ölkəmizin əmək bazarında burada qeyd edilənlərlə yanaşı onlarla digər ixtisaslara da ehtiyac var. İxtisasından asılı olmayaraq hər bir şəxs daim özünü inkişaf etdirməli, dil və kompüter biliklərini təkmilləşdirməlidir. Rus və ingilis dilini bilən, MS Office proqramlarında sərbəst işləməyi bacaran, ixtisaslaşdığı sahə üzrə sertifikatları olan hər bir namizəd əmək bazarında rahatlıqla işlə təmin olunur.