Yeni nəsil CV!

  • Etiket yoxdur
asan kadr news

Müasir dünyada işə götürülmək üçün sən deyil, səndən öncə CV-lər yarışır. Gəlin səmimi cavab verək, sənin rezümen bu rəqabətə dözümlüdür mü? Əgər əminliklə “hə” cavabını verə bildinsə bu sevindiricidir! Əgər bir qədər düşünməyə gərəkli hiss etdinsə onda davam edək!


Belə ki, bir qədər şablon səslənsə də, bu bir reallıqdır ki, uğurlu karyeranın başlanğıc tələblərindən biri də uğurlu CV-dir. Harvard Business Review-a istinadən Birləşmiş Krallıq mərkəzli karyera mütəxəssisi və Knockout CV'nin müəllifi John Lees “CV- bir marketing sənədidir” deyir. Uğurlu rezüme hazırlayaraq siz öz marketinq və təqdimetmə bacarıqlarınızı da göstərmiş olursunuz. Başlıqda dediyimiz kimi, ilk saniyələrdə işəgötürənə təsir edəcək CV hazırlamaq üçün bir neçə əsas nüansa diqqət etmək lazımdır:


1. Vizual görüntü

Gəlin razılaşaq ki, görüntü insanın şüuraltına təsir edən ən güclü amillərdəndir. CV-niz ilk baxışda nə dərəcədə peşəkar və cəlbedici görünür?

Bu gün ölkəmizdə CV-lərin böyük əksəriyyəti klassik CV-lərdir ( ya word faylda ya da internet saytlarından yüklənmiş hər hansı formalar üzərində hazırlanır ). Əgər sən də belə CV hazırlasan digərlərindən fərqlənə biləcəksən mi? Böyük ehtimal ki, yox.

Biz sizə müasir infoqrafik CV hazırlamağı təklif edirik. Belə ki, infoqrafik CV yazıdan daha çox vizuallığa xitab edir. İşəgötürənə hər hansı bilik və bacarığınızı təqdim etmək üçün bunu standart yazı ilə deyil, fərq yaradan, diqqətçəkici və rəngli qrafiklərdən istifadə edərək ( professionallıqdan və rəsmilikdən uzaqlaşmadan ) çatdırın. Bunun üçün Microsoft PowerPoint proqramından istifadə etmək uğurlu seçim olar. 

2. Foto/Video görüntü

El arasında belə bir misal var: “İnsanı görünüşünə görə qarşılayıb, ağlına görə yola salarlar!” Atalarımızın fikirləri illər, əsrlər keçsə də ən modern cəmiyyətdə belə öz həqiqiliyini təsdiq edir. İşəgötürən də sizin haqqınızda fikir sahibi olmaq üçün ilk olaraq şəxs olaraq sizi görmək istəyəcəkdir. Bunun üçün səliqəli, gözə xitab edəcək görüntüdə və sizinlə CV vasitəsilə ilə olsa da göz kontaktına girəcək olan işəgötürənə müsbət enerji ötürən foto və ya video görüntünüzü CV-nizə yerləşdirə bilərsiniz ( Son dövrlərdə geniş yayılmış video CV-lər barədə internet səhifəmizdə məlumat tapa bilərsiniz )


3. Dil

CV-mizi hansı dildə hazırlamalıyıq? Əlbəttə ilk nüsxəsini dövlət dilimiz olaraq Azərbaycan dilində hazırlamaq mütləqdir. Lakin, tövsiyə edərdik ki, CV-nizin ingilis dilində də nüsxəsi olsun. Bu o demək deyil ki, həmin vakant vəzifə üçün mütləq hər hansısa xarici dil tələb olunur. Bu sizin özünüzü təqdim etməyiniz ilə bağlı peşəkarlığınızı və həssaslığınızı göstərir. Bundan əlavə, işəgötürən sizin ölkəmizdə çox istifadə olunan digər xarici dillərdə də məlumatlılığınızı görəcəkdir. Əgər müraciət etdiyiniz vakansiya sizdən hər hansı xarici dili bilməyinizi tələb edirsə, belə halda CV-niz dövlət dili ilə yanaşı mütləq həmin dildə də tərtib edilməlidir. 

4. Əsas başlıqlar

CV-niz bir neçə əsas başlıqdan ibarət olmalıdır. 

Şəxsi məlumatlar

Təhsil

İş təcrübəsi

Bacarıqlar

Dil biliyi

Sertifikatlar

Maraq dairəsi və hobilər

Referans

Digər (seçim əsasında)


5. Kontent

CV-nin əsas başlıqlarının ardıcıllığı və məzmunu CV-nin peşəkar tərtibatı baxımdan çox önəmlidir. Belə ki, bu məqamda müraciət etdiyiniz vakant vəzifənin xüsusiyyətləri ön plana çıxır. Bu vəzifənin tələblərinə əsasən başlıqları sıralaya bilərsiniz. 

Misal üçün, əgər müraciət etdiyiniz vəzifə “İT mütəxəssis”vəzifəsidirsə və sizin bu sahədə müxtəlif sertifikatlarınız varsa bu bölməni daha əvvəlki sırada göstərə bilərsiniz. Əgər sizin müraciət etdiyiniz vəzifə “İspan dili üzrə tərcüməçi” vəzifəsidirsə və siz bu dili mükəmməl bilirsinizsə “Dil biliyi” sahəsini daha gözəçarpan yerdə təqdim edə bilərsiniz. Lakin vurğulayaq ki, “Şəxsi məlumatlar” bölməsinin (Foto/video görüntü, əlaqə məlumatları və s.) ilk sırada olması məqsədəuyğundur.

Bundan əlavə, başlıqların kontentinin müraciət edilən vakant vəzifənin tələblərinə uyğun formalaşdırmaq da çox önəmlidir. Misal olaraq, “Menecer” vəzifəsinə müraciət edirsinizsə “Bacarıqlar” bölməsində bu vəzifənin tələblərinə uyğun bacarıqlarınızı göstərməyiniz lazım gələcək. 

Uğurlu CV-nin digər sirrlərindən biri də səmimi olmaqdır. Bəli, məhz səmimi və dürüst məlumatları yazaraq bəlkə də işəgötürənin diqqətini daha çox çəkəcəksiniz. Misal olaraq, əgər rus dilini bilmirsinizsə, “yaxşı” və ya “orta” yazmağınıza ehtiyac yoxdur. Unutmayın ki, bu yazdıqlarınız müsahibə və digər növbəti mərhələlərdə yoxlanılacaqdır.